"Biz onlara doğulduqları andan malik olduqları hüquqlarını qaytarırıq" - Azizbek Aşurov

11:12 02.10.2019 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Qırğızıstanın dünyada vətəndaşsızlığa son qoyulmuş ilk ölkəyə çevrilməsinə öz işi ilə dəstək vermiş qırğız hüquqşünas BMT-nin Qaçqınlar üzrə Agentliyinin 2019-cu il üçün Qaçqınların himayəsi üzrə Nansen mükafatının qalibi seçilib.

BMT Qaçqınlar üzrə Ali Komissarlağının (BMT QAK) Bakı ofisindən Hafta.az-a verilən məlumatda deyilir ki, özünün "Fərqanə vadisinin sərhədsiz hüquqşünasları" (FVSH) təşkilatı vasitəsilə Azizbek Aşurov Sovet İttifaqı dağılandan sonra vətəndaşlığı olmayan şəxslərə çevrilmiş 10 mindən artıq insana Qırğızıstan vətəndaşlığı almaqda köməklik edib. Onların arasında 2 minə yaxın uşaq təhsil hüququ və gələcəkdə səfərə çıxmaq, nikaha daxil olmaq və işləmək azadlığı əldə edib.

Vətəndaşsızlıq dünyada milyonlarla insana təsir göstərərək onları qanuni hüquqlarından və ya zəruri xidmətlərdən məhrum edir, siyasi və iqtisadi cəhətdən marginallaşdırır, ayrı-seçkiliyə məruz qoyur, eləcə də istismar və sui-istifadə halları qarşısında xüsusilə müdafiəsiz vəziyyətə salır.

"Azizbek Aşurovun tarixçəsi şəxsi qətiyyətin və inadkarlığın böyük bir nümunəsidir. Onun Qırğızıstanda vətəndaşsızlığın aradan qaldırılması (buna Qırğızıstan hökuməti və ölkədəki digər subyektlərlə tərəfdaşlıq vasitəsilə nail olunub) işinə sadiqliyi, bir şəxsin insanları kollektiv hərəkətlərə ruhlandırmağa və səfərbər etməyə qadir olmasının bariz nümunəsidir", – BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandi bildirib.

Daxili sərhədlərin olmadığı Sovet İttifaqının vətəndaşları olaraq insanlar Mərkəzi Asiya ərazisində səfərlər edir, yaşayış yeri əldə edir və nikaha daxil olurdular. 1991-ci ildə SSRİ dağıldıqdan və yeni dövlətlər yaradıqdan sonra yenidən müəyyənləşdirilmiş sərhədlər boyunca məskunlaşan bir çox insanlar çətin vəziyyətə düşdülər. Çox zaman onlar hazırda etibarsız sayılan sovet pasportuna malik olur, yaxud harada doğulduqlarını sübut etmək imkanına malik olmurdular. Bu, Qırğızıstan da daxil olmaqla bütün bu regionda yüz minlərlə insanı vətəndaşsızlıq durumuna saldı.

Qadınlar bu vəziyyətin çətinliklərinə nisbətən daha çox məruz qalırdılar. Sovet İttifaqının dağılmasından və yeni sərhədlərin yaradılmasından əvvəl nikaha daxil olduqda və öz respublikalarından kənarda məskunlaşdıqdan sonra onlar bir çox hallarda sonradan vətəndaşlığa malik olmurdular. Vətəndaşlığın vərəsəlik qaydasında ötürülməsini nəzərdə tutan qanunlar nəticəsində, onların vətəndaşlığı olmayan şəxs statusu övladlarına ötürülürdü.

Ölkənin dağılması nəticəsində ailəsinin Özbəkistandan qayıtdıqdan sonra vətəndaşlıq əldə etməkdə çətin təcrübəsindən ilhamlanan Aşurov 2003-cü ildə Qırğızıstanın cənub hissəsində müdafiəsiz durumda olan didərginlərə, vətəndaşlığı olmayan şəxslərə və sənədləri olmayanlara pulsuz hüquqi yardım və kömək təklif edən FVSH-nin təsis edilməsinə yardım göstərib.

"Mən ədalətsizlik görəndə dözə bilmirəm", - Aşurov bildirib. "Vətəndaşsızlıq ədalətsizlikdir. Vətəndaşlığı olmayan şəxs heç bir dövlət tərəfindən tanınmır. Onlar kabus kimidirlər. Fiziki cəhətdən mövcuddurlar, amma sənədlərdə mövcud deyillər", - o, deyib.

Aşurov sözlərinə belə davam edib: "Vətəndaşsızlıq hallarının azaldılmasında rolumuz insanların özlərinin edə bilmədiklərini etməkdə onlara yardım göstərməkdən ibarətdir. Biz onlara vətəndaşlıq vermirik, doğulduqları andan malik olduqları hüquqlarını qaytarırıq. Anladım ki, bu iş təhsilli hüquqşünas olaraq mənim üçün çətindirsə, təsəvvür edin ki, adi insan üçün nə qədər çətin ola bilər".

Vətəndaşlıq məsələlərində köməklik üçün FVSH-yə getdikcə daha çox insan müraciət etdiyinə görə o, təşkilatın istiqamətini vətəndaşsızlıq məsələlərinə yönəldərək ilk dəfə bütün ölkə üzrə bu cür halları müəyyənləşdirmək və bu dağıdıcı problemi birdəfəlik həll etmək üçün digərləri ilə birlikdə işləyib.

Aşurov və FVSH, müdafiəsiz durumda olan və cəmiyyətdən kənarda qalan qrupları müəyyənləşdirmək üçün ölkənin cənubunun ucqar ərazilərinə səfərlər edən səyyar hüquqşünas komandaları təşkil edib. Dağlıq ərazilərin çox olduğu ölkədə səfər edərkən səyyar hüquqşünas komandaları tam ötürücülü transmissiyaya malik avtomobillərə güvənir və ya atdan istifadə edirdilər. Onun Qırğızıstanın hakimiyyət orqanları ilə sıx əlaqədə işləməsi, o cümlədən mühüm sənədləri olmayanlara müvəqqəti "amnistiya" verilməsinə başlanılması üçün çalışması vətəndaşlığı olmayan çoxlu sayda insanın vətəndaşlıq əldə etməsinə kömək edib.

"Bizim əsas metodumuz hökumətlə işləməkdən ibarət idi. Biz onların diqqətini cəlb etməyi və onları dostlarımıza çevirməyi bacardıq. Biz kiçik döyüşçülər idik, lakin arxamızda böyük tank vardı. Regiondakı dövlətlər də Qırğızıstanda olduğu kimi bu cür kampaniyalara başlayıblar. Nəticədə, indiyədək vətəndaşlığı olmayan təxmini 46 min şəxs müəyyənləşdirilib və bu günədək onlardan 34 mininin işi uğurla həll olunub", - Aşurov deyib.